Novxanıda tarixi abidə məhv olur
Novxanı kəndində yerləşən “Şah Sultan Hüseyn” məscidi məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə təqiblərlə üzləşən İosif Stalini iki dəfə məhz bu məsciddə gizlədib. Bir vaxtlar SSRİ-yə rəhbərlik edən şəxsi ölümdən qoruyan bu memarlıq abidəsinin özünü isə hələ ki xilas edən tapılmır.
Zaman-zaman kənd sakinləri öz hesablarına məscidi təmir etmək istəsələr də, buna icazə verilməyib. Hazırda abidənin acınacaqlı vəziyyətdə olması sakinləri ciddi narahat edir.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətindən bildirilib ki, sözügedən məscid yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Uzun illərdən bəri təmir-bərpa işləri aparılmadığından məscid hazırda qəzalı vəziyyətə düşüb. Buna görə də onun adı təmir-tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib. Ancaq işin nə vaxt icra olunacağı məlum deyil.