Ermənistan təhlükəzlik orqanları əməliyyat keçirdi | Paşinyanın azad etdiyi məmur saxlandı
Ermənistan iqtisadiyyat nazirinin sabiq müavini Ani İspiryan hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə ölkənin İqtisadiyyat Nazirliyinin mətbuat katibi Astxik Sarqsyan yerli mediaya açıqlamasında deyib. Əlavə edib ki, Ani İspiryanın saxlanılma səbəbi ona məlum deyil.
Məsələ ilə bağlı iqtisadiyyat naziri Vaan Kerobyan da açıqlama verib.
“Düzünü desəm, mən bilmirəm, bu, Milli Təhlükəsizlik Xidmətidir, ya yox və niyə idarəyə baş çəkiblər? Təbii ki, dövlət qurumları əsasən korrupsiya ilə bağlı işlərlə məşğul olur və biz korrupsiyaya qarşı mübarizəyə üstünlük veririk. Onu da vurğulamalıyam ki, son 3 ildə İqtisadiyyat Nazirliyinin əməkdaşlarının başına belə bir şey gəlməyib”, – Vaan Kerobyan bildirib.
Ani İspiryanın işdən çıxarılmasının bu əməliyyatla üst-üstə düşməsi ilə bağlı iradlara cavab olaraq V.Kerobyan bunun sadəcə təsadüf olduğunu qeyd edib.
“Ani 1,5 ay əvvəl ərinin Niderlandda işə düzəldiyini, köçməyə hazırlaşdıqlarını söylədi və köçməyə bir neçə gün qalmış ərizə yazdı”, – deyə nazir jurnalistə bu mövzuda sual verməməyi xahiş edib.
Yerli mediada yayılan digər məlumata görə, Ani İspiryandan başqa, İqtisadiyyat Nazirliyinin Dövlət İnvestisiyaları İdarəsinin rəisi Liliya Sirakanyan də hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb .