Gürcüstanda parlament seçkiləri öncəsi nə baş verir? | Ekspertlərdən vacib açıqlama
Gürcüstanda parlament seçkiləri yaxınlaşdıqca siyasi gərginlik artmaqda davam edir. Təbliğat-təşviqat kampaniyası zamanı artıq bir neçə qarşıdurma da yaşanıb.
Bu barədə Baku TV-yə verdiyi müsahibəsində gürcü politoloq Nika Çitadze bildirib.
O qeyd edib ki, seçkilər yaxınlaşdıqca bu gərginlik daha da artacaq:
“Müxalifət ölkənin xarici siyasət kursunu dəyişərək Rusiyaya meyil etdiyini bildirir və bunda hakimiyyəti günahlandırır. Xaricdən maliyyələşən qeyri-hökumət və media təşkilatları ilə bağlı qəbul edilən rus qanunu da bunu sübut edir. Bütün bunlara baxmayaraq, hazırda hakimiyyətin əsas vəzifəsi seçkilərin demokratik qaydada baş tutmasını təmin etməkdir”.
Politoloq Vaxtanq Maisaya isə Gürcüstanda keçiriləcək parlament seçkilərinin mümkün nəticələrindən danışıb:
“Parlament seçkiləri ilk dəfədir ki, proporsional sistem üzrə elektron qaydada keçiriləcək. Bu da öz növbəsində ilk dəfə olduğu üçün müəyyən çətinliklərə yol aça bilər. Nəticələr isə müxtəlif ola bilər.
Məsələn, Belarus nümunəsini götürsək, hakimiyyətin qalib gəlmək ehtimalı yüksəkdir. Polşa nümunəsində hakim partiya səs çoxluğu toplasa da, müxalifət onu məğlub edə bilər. İtaliya modeli isə Gürcüstanda təkrarlanarsa, yəni heç bir partiya lazımi səs çoxluğunu toplaya bilməsə, ölkədə təkrar seçkilərin keçirilməsi məcburi olacaq. Ümid edirəm ki, qarşıdan gələn seçkilər uğurla başa çatar”.
Məlumat üçün bildirək ki, qonşu Gürcüstanda parlament seçkiləri cari ilin oktyabr ayının 26-da baş tutacaq.