Hərbçilər "Vaqner" düşərgələrini bombalayıb?
Rusiyanın “Vaqner” özəl hərbi şirkəti Rusiya Federasiyasının nizami qoşunlarının hücumuna məruz qaldıqlarını iddia edir. Bu barədə şirkətə aid sosial şəbəkə hesablarında paylaşımlar edilib.
“Vaqner” düşərgələrinə raket hücumu həyata keçirilib. Çox sayda qurban var. Hücuma şahid olan döyüşçülərin sözlərinə görə, arxadan zərbə endirilib, yəni hücum Rusiya Müdafiə Nazirliyinin hərbçiləri tərəfindən həyata keçirilib”, – deyə paylaşımda qeyd edilib.
“Çox sayda döyüşçümüz həlak olub. Buna necə cavab verəcəyimiz barədə qərar qəbul ediləcək. Növbəti addım bizimkidir”, – şirkətin rəhbəri Yevgeni Priqojin deyib.
Y.Priqojinin sözlərinə görə, “Vaqner”in mövqelərinə hücuma şəxsən Rusiya müdafiə naziri Sergey Şoyqu rəhbərlik edir.
“Müdafiə naziri “Vaqner”i məhv etmək üçün əməliyyat aparmaq məqsədilə xüsusi olaraq Rostova gəlib. O, bizi məhv etmək üçün qaranlıqda artilleriyaçılardan və helikopter pilotlarından istifadə edib”, – deyə Y.Priqojin vurğulayıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu xəbərləri təkzib edib və yalan məlumat adlandırıb. “Yevgeni Priqojinin adından sosial şəbəkələrdə yayılan, Rusiya Müdafiə Nazirliyinin “Vaqner”in düşərgələrinə zərbə endirməsi ilə bağlı bütün məlumatlar və videokadrlar reallığı əks etdirmir və informativ təxribatdır”, – deyə nazirlikdən bildirilib.
Kreml sözçüsü Dmitri Peskov isə qeyd edib ki, Prezident Vladimir Putin Priqojin ətrafında cərəyan edən vəziyyətdən xəbərdardır və bütün lazımi tədbirlər görülür.