Kamala Harris Trampa söz atdı | Rəqiblər arasındakı nəticələr təəccübləndirdi
ABŞ-nin Demokratlar partiyasının potensial prezidentliyə namizədi Kamala Harris namizəd olmaq üçün kifayət qədər səs toplamağa nail olub.
O, 2668 nümayəndənin dəstəyini almağı bacarıb.
Qeyd edək ki, birinci turda onun namizədliyinin təsdiqlənə bilməsi üçün minimum 1976 nəfərin səsi lazım idi. Bundan başqa, K.Harrisə ilk 24 saat ərzində 81 milyon dollar da toplanıb.
Prezidentlik kampaniyaları üzrə ölkə tarixində ən böyük gündəlik rekorda imza ataraq 24 saat ərzində 81 milyon dolların toplanılmasına nail olan K.Harris ictimaiyyət qarşısında çıxış edib:
“Qarşıdan gələn günlər və həftələr ərzində mən sizinlə birlikdə partiyamızı, o cümlədən millətimizi birləşdirmək və bu seçkidə qalib gəlmək üçün əlimdən gələni edəcəyəm.
Bildiyiniz kimi, mən vitse-prezident seçilmədən öncə baş prokuror kimi çalışırdım. Vəzifə öhdəliklərimi yerinə yetirdiyim zaman müxtəlif növ insanlarla qarşılaşdım. Qadınlara qarşı zorakılıq göstərən, istehlakçıların hüquqlarını pozan fırıldaqçılar və öz mənfəətləri üçün hər yola əl atan insanları gördüm. Ona görə də mən Donald Trampı tanıyıram deyəndə məni dinləyin.
Beləliklə, mən buradakı bütün dostlara səslənirəm. Bu seçkidə hamımız suallarla üzləşdiyimizi bilirik. Biz necə bir ölkədə yaşamaq istəyirik? Azad, mərhəmət və qanunun keçdiyi, yoxsa xaos, qorxu və nifrətlə dolu bir ölkədə?
Demək istəyirəm ki, qarşıdakı 106 gündə bizim görməli olduğumuz işlər var. Döyməli olduğumuz qapılar, danışacağımız insanlar və etməli olduğumuz telefon zəngləri var. Ən vacibi isə bizim qalib gəlməli olduğumuz seçkimiz var".
Məlumat üçün bildirək ki, potensial namizədin Respublikaçılar partiyasındakı rəqibi Donald Trampla arasında yalnız 2% fərqin olduğu ortaya çıxıb. Belə ki, aparılan 65 sorğudan əldə olunan nəticəyə görə, D.Tramp 47,4, K.Harris isə 45,4% səs toplayıb. Bu göstərici isə ABŞ Prezidenti Cozef Baydenlə müqayisədə daha yüksəkdir.