Rusiyaya yox deyildi | Quru yoldan sonra Ermənistan bu yolu da bağladı
Ermənistan Gürcüstanın Poti limanından Rusiyanın Qafqaz limanına bərə daşımalarını bu marşrutun rentabelli olmaması səbəbindən dayandırıb.
Bu barədə ölkənin iqtisadiyyat naziri Vaan Kerobyan mətbuat konfransında bildirib.
"Bərə bir neçə ay işlədi. Qiymətləndirməmizə görə, o, ixracatçılar və idxalçılar arasında kifayət qədər maraq oyatmadı. Şirkətlər bərə daşımalarından yetərincə istifadə etmədilər. Bir sözlə, gözləntilərimiz özünü doğrultmadı”, – deyə o qeyd edib.
Amma məsələnin ən maraqlı tərəfi ondan ibarətdir ki, bundan əvvəl V.Kerobyan yüklərin məhz Poti limanı ilə daşınmasını uğurlu iqtisadi addım adlandıraraq bunun Ermənistan üçün yeni qapılar açacağını bildirmişdi.
Qeyd etmişdi ki, bu, Ermənistanın dəmir yolu sistemini Avrasiya İqtisadi İttifaqı ölkələrinin infrastrukturu ilə birləşdirməyə imkan verəcək, Ermənistan iqtisadiyyatının rəqabət qabiliyyətini artıracaq, həmçinin təkcə Rusiya ilə deyil, Belarus və Qazaxıstanla nəqliyyat əlaqələrini yaxşılaşdıracaq.