Ötmə əməliyyatı edən xanım sürücü qəza törədərək xəsarət alıb
Binəqədi rayonunda 4 avtomobilin iştirakı ilə yol-nəqliyyatı hadisəsi baş verib.
Qəza “Zəngəzur” restoranının yaxınlığında qeydə alınıb.
27 yaşlı Əliyeva Fatimə Əli qızı idarə etdiyi “Nissan” markalı avtomobillə ötmə əməliyyatı etmək istəyib. Bu zaman onun avtomobili əks yolda hərəkətdə olan “Subaru” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Daha sonra eyni istiqamətlə gedən “Chevrolet” və “Volkswagen” markalı avtomobillər də nəqliyyat vasitələrinə çırpılıb.
Nəticədə “Subaru” markalı avtomobilin sürücüsü xəsarət alıb.
Qəza zamanı “Nissan”ın sürücüsü deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Əraziyə Binəqədi Rayon Dövlət Yol Polis İdarəsinin, FHN-in Binəqədi rayonu üzrə 2 briqadası və Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları cəlb edilib.
FHN-in əməkdaşları avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü xilas ediblər.
Yaralılar xəstəxanaya yerləşdirilib.
“Subaru” markalı avtomobilin sürücüsünə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Fatimə Əliyevaya isə döş qəfəsinin və belin küt travması diaqnozu qoyulub.
Hadisə nəticəsində yolda tıxac yaranıb. DYP əməkdaşları tənzimləmə işləri aparıb.
Qəzanın təfərrüatı araşdırılır.
Kamil Əmirli
Elşad Mətləboğlu