Ukraynadakı xarici səfirliklər fəaliyyətini dayandırır? | Müharibədə son vəziyyət
Son günlər Ukraynada ciddi təhlükəsizlik riski səbəbilə ABŞ və bəzi Avropa ölkələrinin səfirlikləri başda olmaqla bir neçə ölkənin diplomatik nümayəndəliklərinin konsulluq xidmətinin paytaxt Kiyevi tərk etdiyini, bəzilərinin isə fəaliyyətinin məhdudlaşdırıldığı bildirilir. Bu, ölkədə yaşayan və fəaliyyət göstərən əcnəbi vətəndaşların ciddi təşvişinə səbəb olub.
“Ukrayna prizması” mərkəzinin rəhbəri Yaroslav Çornoqor bildirib ki, bu, Amerika səfirliyinin Rusiya tərəfindən ballistik raketlərdən böyük təhlükə olduğunu bəyan etməsi və öz diplomatlarına, eləcə də vətəndaşlarına Ukraynada hərəkətlərini maksimum məhdudlaşdırmağı tövsiyə etməsindən sonra baş verib.
“Səfirliyin konsulluq xidməti öz fəaliyyətini dayandırdığını bildirdi. Ardınca bu bəyanatı digər bir sıra səfirliklər də Kiyevdə qəbul etdi. Rusiya öz yeni nüvə çəkindirmə doktrinasını qəbul etdikdən sonra məhz nüvə təhlükəsi səbəbindən növbəti təhlükəsizlik riski mərhələsi başlayıb. Düşünürəm ki, təhlükə diplomatik nümayəndəliklər üçün deyil, sadəcə Kiyev şəhəri və burada olan bütün əhali üçün mövcuddur. İndi Rusiya Federasiyası tərəfindən X-101 ballistik qanadlı raketlər istifadə edilir. Ona görə də artıq hər cür təhlükə gözləyirik”, – o bildirib.
Bütün bu hadisələr və ətrafındakı informasiya bumu fonunda yerli mətbuatda Ukraynadakı Azərbaycan səfirliyi adından da dezinformasiya yayılıb. Guya səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına təcili ölkəni tərk etməyə çağırıb. Lakin fəaliyyətini davam etdirən Azərbaycan səfirliyi Ukraynada yaşayan vətəndaşlara belə bir çağırışın olmadığını bildirib.