Qazaxın kəndlərinin Azərbaycana qaytarılmasından 2 il ötür - Baku TV
Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılmasından 2 il ötür.
Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə 19 aprel 2024-cü ildə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın 8-ci görüşünün Protokolu imzalanıb.
Qeyd olunan Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılıb və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işləri nəticələri haqqında Texniki Protokol tərtib edilib.
15 may 2024-cü ildə Azərbaycan və Ermənistan arasında sərhəddə Komissiyaların növbəti – 9-cu görüşü keçirilib, sözügedən Texniki Protokol razılaşdırılıb və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.
Delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Qazax rayonunun 4 kəndinin – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması təmin edilib.
24 may 2024-cü ildə sözügedən kəndlərin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
