Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblər hakim qarşısında
Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşının cinayət işinin məhkəmə araşdırması başlayıb.
Səbail Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə Şəhidlər xiyabanında dəfn olunan şəhid Etibar Fərəcovun qohumu Eldəniz Fərəcov zərərçəkən qismində iştirak edib. Dövlət ittihamçısı cinayət təqibində hər hansı bir qanun pozuntusu olmadığını deyib və işin məhkəmə baxışına verilməsinə etiraz etməyib.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri müdafiə etdiyi şəxslərin cinayət törətdiyi məkanın hara olduğunu bilmədiklərini əsas gətirərək onların barəsində cinayət işinə xitam verilərək barələrində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunması üçün vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.
Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub. Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin edilib.
