Rusiya Ordusu hava hücumuna keçdi | Ölən və yaralananlar var
Rusiya Hava Hücumundan Müdafiə sistemləri beş saat ərzində üç region və Qara dəniz üzərində ümumilikdə 21 Ukrayna pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Rəsmi açıqlamaya görə, Belqorod vilayəti üzərində səkkiz dron, Orlov və Rostov vilayətlərində isə iki PUA vurulub.
Bundan əlavə, Qara dəniz üzərində 11 pilotsuz uçuş aparatı məhv edilib.
Rusiya Ordusu isə pilotsuz uçuş aparatları ilə Kiyev vilayətini hədəf alıb. Bölgənin Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnikin sözlərinə görə, zərbələr yaşayış məhəllələrinə tuş gəlib.
“Təəssüf ki, Vışqorodda hücum nəticəsində çoxmərtəbəli binada yanğın başlayıb. Hadisə yerində xilasedicilər, polis və tibb əməkdaşları çalışır”, – deyə o bildirib.
Xilasedicilərin məlumatına görə, dron hücumu zamanı bir nəfər ölüb, altı nəfər yaralanıb. Fərdi evlərin də alovlandığı və dağıldığı, park edilmiş avtomobillərin isə zədələndiyi bildirilir.
