Kürdəmirdə 21 yaşlı xanım əri tərəfindən qətlə yetirildi - Baku TV
Kürdəmirdə ər arvadını qətlə yetirib.
Hadisə rayonun Koroğlu küçəsində baş verib.
Aralarında yaranan ailə münaqişəsi nəticəsində Natiq Bəşirov 21 yaşlı həyat yoldaşı Lamiyə Bəşirovanı qətlə yetirib.
Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qadının meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
“Aralarında söz-söhbətlər olurdu. Qız işləmək istəyirdi. Yoldaşı isə deyirdi ki, işləyə bilməzsən, başına oyun açacağam. Görüb ki, Lamiyə marketdə işləyir, işə gedərkən gəlib bıçaqla hücum edib. Qonşu gəlib dedi ki, qız yolda qanın içində qalıb”, – mərhumun anası bildirib.
Hadisəni törətməkdə şübhəli bilinən Natiq Bəşirov rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Cütlük 2024-cü ildə ailə qurub və onların bir yaş yarımlıq övladı var.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.
