Azərbaycan səhiyyəsində nə dəyişəcək? - Baku TV
Azərbaycanda səhiyyə sisteminin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində yeni addım atılıb. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Dəyişikliyin əsas məqsədləri səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi, qurumlar arasında koordinasiyanın gücləndirilməsi və tibbi xidmətlərin keyfiyyətinin artırılmasıdır.
Milli Məclisin deputatı Müşfiq Məmmədli səhiyyə sistemindəki dəyişiklikləri şərh edərkən bildirib ki, TƏBİB-in yaradılması icbari tibbi sığortaya keçid və yeni idarəetmə modelinin formalaşdırılması baxımından mühüm mərhələ olub.
Millət vəkilinin sözlərinə görə, ilkin mərhələdə səhiyyə müəssisələrinin yeni idarəetmə modelinə uyğunlaşdırılması, korporativ idarəetmə mexanizmlərinin tətbiqi və icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi əsas prioritetlərdən idi.
“İndi isə bütün səhiyyə qurumlarının vahid orqanizm kimi fəaliyyət göstərməsi vacibdir. Bu, səhiyyə siyasətinin əlaqələndirilməsi, maliyyə vəsaitlərindən səmərəli istifadə və tibbi xidmətlərin əlçatanlığının artırılması baxımından əhəmiyyətlidir”, – o qeyd edib.
Müşfiq Məmmədli hesab edir ki, səhiyyə sisteminin inkişafının növbəti mərhələsində qurumlar arasında əlaqələndirmənin gücləndirilməsi və vahid siyasətin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, yeni mərhələdə əsas hədəflərdən biri tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması, regionlarda kadr çatışmazlığının aradan qaldırılmasıdır:
“Bütün regionlarda eyni səviyyədə, eyni standartlara uyğun və eyni keyfiyyətdə tibbi xidmət göstərilməlidir. Azərbaycanda kifayət qədər peşəkar tibbi kadr potensialı var. Əsas məsələlərdən biri bu potensialın bölgələr üzrə düzgün bölüşdürülməsi və kadr çatışmazlığının aradan qaldırılmasıdır”.
