Din və müasirlik bir-birinə ziddir? - Sosial şəbəkələr alimləri niyə qorxudur? - AMİN
“Amin” verilişinin yeni buraxılışında AMEA-nın Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə doktoru Elnur Mustafayevlə din və müasirlik, mənəviyyat və rasionallıq, həmçinin sosial şəbəkələrdə bu mövzular ətrafında aparılan müzakirələr barədə fikir mübadiləsi aparılıb.
Elnur Mustafayev dinlə müasirliyin bir-birinə zidd anlayışlar kimi təqdim edilməsinin düzgün olmadığını bildirib:
“Dinlə müasirliyi üz-üzə qoymaq düzgün deyil. Din fərqli bir dəyərlər sistemidir. İnsan üçün dürüstlük, mərdlik, qarşılıqlı hörmət kimi dəyərlər heç vaxt köhnəlmir. Müasirlik isə yalnız geyim, əyləncə və səyahət deyil. Müasirlik elmi-texniki tərəqqidə, bilik və təhsildə yeni çağırışlara adekvat cavab verməkdir. Mənəviyyatla elm, bilik və müasirlik bir yerdə hərəkət edəndə insan və cəmiyyət daha sağlam inkişaf edir”.
O, sosial şəbəkələrdə alim və ziyalıların təhqir və aqressiv müzakirələr səbəbindən kənarda qalmasının da mümkün olduğunu deyib:
“Bəzən sosial şəbəkələrdə xoşagəlməz münasibətlər, təhqiramiz ifadələr və bir-birinə atılan arqumentlər ziyalıları bu mühitdən uzaq durmağa vadar edir. Amma əslində hər bir alim eyni zamanda ziyalı olmalıdır. Ziyalı alim öz mövqeyini bildirməkdən çəkinməməli, cəmiyyətə düzgün istiqamət göstərməlidir. Sosial şəbəkələr bu gün çox əlçatan platformadır və maarifləndirmə işləri üçün istifadə edilə bilər”.
Verilişdə fərdiyyətçilik və istehlakçı yanaşmanın ailə və cəmiyyət münasibətlərinə təsiri də müzakirə olunub.
Elnur Mustafayev insanların bir-birinə yalnız fayda və şəxsi maraq prizmasından yanaşmasının mənəvi problemlər yaratdığını vurğulayıb:
“Bir insan yıxıldısa, müharibədə şikəst oldusa və artıq pul qazana bilmirsə, onu atacaqsan? Bu cür düşüncənin təbliği cəmiyyət üçün zərərlidir. Fədakarlıq insanın öz maraqlarından keçməyi bacarmasıdır. Cəmiyyət o zaman inkişaf edir ki, insanlar lazım gəldikdə öz hüquq və maraqlarından keçərək başqalarını da düşünə bilirlər”.
