"Milyonların içində ad qoyub getdi" | Şəhid Valeh Bədəlovun valideynləri danışdı - Baku TV
Zaqatalanın Aşağı Tala kəndində dünyaya gələn Valeh Bədəlov uşaqlıqdan Vətənə sevgi ruhunda böyüyüb. Ən böyük arzusu doğma torpaqların düşmən işğalından azad edilməsi olub.
Valeh Bədəlov Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib. Onun son döyüşü Cəbrayıl istiqamətində baş verib. Şəhid 30 yaşının tamam olmasına üç gün qalmış, oktyabrın 7-də döyüş zamanı həyatını itirib.
Valeh Bədəlov şəhidlik zirvəsinə ucalaraq ailəsinin, doğulduğu Zaqatalanın və bütün Azərbaycanın qüruruna çevrilib.
Şəhidin anası Südabə Qaziyeva oğlunun şəhid olması xəbərini necə aldığı barədə danışıb:
“7 oktyabrda mən məktəbdə idim. Telefonuma zəng gəldi. Baxdım, oğlumun adı yazılıb. Çox sevindim. Neçə gündür ondan xəbər tuta bilmirdik. Telefonu açdım, gördüm ki, başqa adam danışır. Onda başa düşdüm ki, oğlum şəhid olub”.
Südabə Qaziyeva bildirib ki, oğlunun telefonundan ona zəng edən şəxs əvvəlcə Valehin yaralı olduğunu deyib:
“Onların üstündə fərqləndirici nişan yox idi. Telefonunu açıb baxıblar ki, mən dayanmadan ona zəng edirəm, mesaj yazıram. Dedi ki, siz kimsiniz? Mən dedim ki, anasıyam. Həmin şəxs oğlumun yaralı olduğunu söylədi. Dedim, yalan danışmayın, yaralı olsaydı, siz onun telefonunu götürüb mənə zəng edə bilməzdiniz, onun başına nəsə gəlib, mənə düzünü deyin. Dedi ki, ana, möhkəm ol, oğlun şəhid olub”.
Şəhid anası oğlunun xatirəsinin yaşadılmasından qürur duyduğunu bildirib:
“Ağır olsa da, qürurludur. Onun adı məktəbə verilib, haqqında kitablar yazılıb. Məktəblərdə onun həyatı və döyüş yolu təbliğ olunur”.
#Şəhid Valeh Bədəlov teqi istifadə olunub
