“Pulları yığıb dedi ki, aparım səni evə” | Qadının başına oyun açdılar - Baku TV
Nəsimi rayonunun Nəcəf bəy Vəzirov küçəsində yaşayan qadın mülkünün qonşusu tərəfindən aldadılaraq satıldığını və pulunun ödənilmədiyini iddia edir.
Nisəxanım Əzimovanın sözlərinə görə, 2014-cü ildə yaşadığı ərazidə söküntü işləri başlayıb. O, razılaşmadığı üçün qonşusu Nəriman Cavadovun kömək edə biləcəyinə inanaraq ona etibarnamə verib:
“Mənə yaxınlaşıb dedi ki, qadınsan, təksən, şirkət səni aldada bilər. Mənə etibarnamə ver, sənə kömək edim. Mən də ona inanaraq etibarnamə verdim. 2019-cu ildə məni notariusa apardı, daha sonra sənədlərə imza atdırdı. Dedi ki, mülkünü satmışam, pulunu axşam gətirəcəyəm. Amma həmin gündən bu günə qədər pulumu ala bilməmişəm”.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Sakin bildirir ki, Cavadov Nəriman Mürşüd oğlu dələduzluq maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib və hazırda həbsdədir.
Nisəxanım Əzimovanın qızı isə sonrakı məhkəmə proseslərində də onların xeyrinə qərarlar qəbul edildiyini deyir. Onun sözlərinə görə, Nəriman Cavadovun Yasamal rayonunda yerləşən, ikimərtəbəli, 9 otaqlı və 336 kvadratmetr sahəsi olan fərdi yaşayış evinin məhkəmə qərarına əsasən onlara verilməsi nəzərdə tutulub. Lakin həmin qərarın icrası hələ də təmin edilməyib.
