“Bu, Türkiyəyə qarşı təhdiddir” | Ankara F-35 proqramına daxil olacaq? - Baku TV
Siyasi şərhçi Əziz Əlibəyli Baku TV-yə açıqlamasında Türkiyənin “F-35” proqramına qayıtması və “S-400”lərlə bağlı mümkün razılaşmadan danışıb.
O hesab edir ki, Türkiyə və Rusiya arasında bu məsələnin həlli ilə bağlı müəyyən formula formalaşıb:
“Türkiyənin də ciddi bir mərhələ qət etdiyini demək lazımdır və bu problemin həllində çox maraqlıdır. Ən azı burada bir dövlət marağı var. Rusiya üçün də məsələnin həllində maraq var. Hər iki tərəfin razı olduğu məqam ondan ibarətdir ki, Rusiya əldə etdiyi maliyyəni tam şəkildə bu transferdən götürüb, Türkiyə isə artıq “F-35” proqramına qayıtmaqla bağlı əsaslı vədlər əldə edib”.
Şərhçinin sözlərinə görə, “S-400”lərin hansı ölkəyə veriləcəyi məsələsində də müxtəlif variantlar nəzərdən keçirilir:
“Rusiya bu silahları satarkən qeyd edib ki, onlar Rusiyaya qarşı istifadə olunmayacaq və Rusiyanın dostu olan ölkələrdən birinə verilməlidir. Bir neçə dövlətin adı çəkilib. Xüsusilə Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn və hətta Livanın adı hallanıb. Amma proseslər göstərdi ki, bu ölkələrlə bağlı ortada konkret razılaşma yoxdur”.
