Sanitar huşsuz pasiyenti döyüb? | Bərdədə xəstəxanada nə baş verib? - Baku TV
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar qadının pasiyentə 40 dəqiqə ərzində fiziki zorakılıq göstərdiyi iddia olunur.
Adı hallanan Gülnar Fərzəliyeva isə ittihamları təkzib edir. O, xəstəxanada ona qarşı qərəzli münasibət göstərildiyini və haqqında böhtan atıldığını iddia edir.
“Üstümə böhtan atırlar, şər atırlar ki, guya xəstə ilə kobud davranmışam, onu döymüşəm, vurmuşam. Halbuki mən 17 ildir işləyirəm. Bu müddət ərzində heç bir xəstəni natəmiz qoymamışam, çirkli vəziyyətdə qoyub getməmişəm. Mən heç kimi döymərəm. Çünki sabah mənim də böyüyüm, ağbirçəyim ola bilər. Heç vaxt istəmərəm ki, mənim böyüyümə də kimsə əl qaldırsın.
Mənə qarşı Vüsal həkim və təsərrüfat işləri üzrə məsul şəxs Vasif müəllim böhtan atır. Hətta anamdan 5 min manat istəyib ki, pul versin, bu söhbətin üstünü bağlansın”, – Gülnar Fərzəliyeva bildirib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, səsləndirilən iddialar araşdırılıb və dəlillərlə təsdiqini tapıb.
Bildirilib ki, araşdırma zamanı Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində çalışan sanitar qadının stasionar müalicə alan, köməksiz və huşsuz vəziyyətdə olan pasiyentə qarşı qeyri-etik davranışa və zorakılığa yol verdiyi müəyyən edilib.
Fakt müəssisənin tibbi şurasında müzakirə olunub. Əməkdaşın əmək funksiyalarını və peşə etikası qaydalarını kobud şəkildə pozması, eləcə də əvvəlki intizam tənbehləri nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib.
Qeyd olunub ki, müvafiq materiallar hüquqi qiymət verilməsi üçün Bərdə Rayon Prokurorluğuna da təqdim edilib.
