Azərbaycanın kikboks millisi İtaliyada yeniyetmələrin dünya çempionatından 10 qızıl medalla qayıtdı
18-27 sentyabr tarixlərində İtaliyanın Yezolo şəhərində kikboksinq üzrə yeniyetmə və gənclər arasında WAKO dünya çempionatı keçirilib.
Sözügedən yarışda Azərbaycan milli komandası 10-u qızıl, dördü gümüş və ikisi bürünc olmaqla, ümumilikdə 16 medal qazanıb. 79 ölkənin iştirak etdiyi mötəbər yarışda Azərbaycan millisi komanda hesabında 12-ci yeri tutmaqla uğurlu nəticə əldə edib.
Əlavə edək ki, rinqdə isə komandamız üçüncü yerə layiq görülmüşdü.
Millimizin üzvləri Mayılzadə Əli, Əsədov Adil, Quliyev Seymur, Əmirli Hüseyn, Əliyev Nizami, Allahyarlı Ayxan, Məhəmməd Cəmil, Rzayev Eldar və İbrahimli Gülgəz Vətənə qızıl medalla qayıdıblar.
Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, eyni zamanda sözügedən idman növü üzrə dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov sözügedən yarışda rəsmi nümayəndə kimi iştirak edib.
Onun turnirdəki əsas fəaliyyəti gənc idmançıların döyüşlərini yaxından izləmək və onlara dəstək göstərmək olub. Həmçinin rəsmi şəxs qismində qaliblərin mükafatlandırılması, təltifetmə mərasimlərini icra edib, dünya və yerli federasiya rəsmiləri ilə görüşlərdə ölkəmizi təmsil edib.
Rinq hakimləri Aydın Koç Ağabəyov və Anar Məmmədov beynəlxalq A dərəcəli hakimlik statuslarını yeniləyiblər. Anar Məmmədov çempionatın ən yaxşı “Best Referee Ring” mükafatına layiq görülüb.
#WAKO teqi istifadə olunub
- Azərbaycan kikboksçuları WAKO dünya çempionatında 12 medalla qayıtdı
- Eduard Məmmədovun tələbəsi WAKO versiyası üzrə dünya çempionu olub
- WAKO Dünya Kubokunu 11-ci dəfə qazanan Eduard Məmmədov vətənə dönüb
- Eduard Məmmədov 11-ci dəfə WAKO Dünya Kubokunun sahibi olub
- 1700 idmançı arasında 2 versiyada dünya çempionu olan Eduard Məmmədovun GENİŞ MÜSAHİBƏSİ
