"SOCAR Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır" | Mikayıl Cabbarov - Baku TV
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır".
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, Azərbaycan etibarlı qlobal enerji təchizatçısıdır: "Boru kəmərləri vasitəsilə ölkədən təbii qaz alan ölkələrin sayı 16-dır. Mayeləşdirilmiş formada qaz qəbul edən ölkələrin sayı isə daha çoxdur. Rəqabətqabiliyyətli enerji qiymətləri Azərbaycanı istehsal üçün cəlbedici məkana çevirir".
Mikayıl Cabbarov qeyd edib ki, dövlətə məxsus SOCAR sadəcə təchizatçı deyil, həm də fəal investordur. Şirkət Avropa, ABŞ, Yaxın Şərq, Mərkəzi Asiya və daha geniş regionda investisiya fəaliyyəti ilə təmsil olunur.
Vurğulanıb ki, Azərbaycan Kambocadakı tərəfdaşlarla birlikdə işləmək və əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hazırdır.
