Möhsün Rezai: “Tehran Vaşinqtonu təslim olmağa məcbur edəcək”
"ABŞ tammiqyaslı hərbi əməliyyatlar yenidən başlasa, Tehran Vaşinqtonu təslim olmağa məcbur edəcək".
Belə bir bəyanatla İranın Ali Rəhbərinin hərbi müşaviri Möhsün Rəzai çıxış edib.
"ABŞ Prezidenti hərbi zərbə üçün son tarix təyin edir və sonra onu özü ləğv edir. Güclü bir ordunun və böyük İran millətinin dəmir yumruğu onları geri çəkilməyə və təslim olmağa məcbur edəcək", – Rəzai sosial media hesabında yazıb.
“Tasnim"in məlumatına görə, İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının komandanı general-mayor Əli Əbdullahi ABŞ-ni və müttəfiqlərini növbəti strateji səhv və ya səhv hesablama etməmək barədə xəbərdar edib.
Onun sözlərinə görə, İranın silahlı qüvvələri keçmişə nisbətən daha hazırlıqlı və güclü olub və indi istənilən təcavüzə cavab verməyə hazırdırlar. Əbdullahi xəbərdarlıq edib ki, gələcəkdə hər hansı bir səhv əvvəlkindən daha güclü reaksiya ilə nəticələnəcək.
İran rəsmilərinin bu açıqlamaları ABŞ Prezidenti Donald Trampın İrana qarşı hücumların bərpası planlarının iki və ya üç günlük dayandırıldığını söyləməsindən sonra verib.
Tramp əvvəllər çərşənbə axşamı zərbələrə başlamağı planlaşdırdığını bildirsə də, böhranı həll etmək üçün İranla diplomatik danışıqlar aparan bir neçə ölkənin xahişi ilə planı dayandırıb. Tramp eyni zamanda Amerika Ordusuna tərəflərin kompromisə gələ bilməyəcəyi təqdirdə İrana hücuma hazırlaşmaq əmri verdiyini bildirib.
