Öcalan Mazlum Kobaniyə məktub yazdı – “Onları təşkilatdan uzaqlaşdır”
PKK terror təşkilatının qanadı Suriya Demokratik Qüvvələrinin (SDQ) təxminən 50 min nəfərlik şəxsi heyəti var, onların 8 mindən çoxu qeyri-suriyalıdır.
Bu barədə təhlükəsizlik mənbələrinə istinadla “Türkiyə” qəzeti məlumat yayıb.
Nəşr yazıb ki, 8-8,5 min nəfərdən ibarət qrupun böyük hissəsi Türkiyə kökənlidir, həm Şimali İraq, həm də Türkiyədən gedən təşkilat üzvlərindən ibarətdir:
“SDQ-nin Suriya Ordusuna inteqrasiyası prosesində qeyri-suriyalı ünsürlərin prosesdən kənarda saxlanılması məsələsində Ankara ilə Dəməşq arasında tam razılaşma var.
Xarici işlər naziri Hakan Fidan da yaxın günlərdə verdiyi açıqlamada demişdi ki, Türkiyə qeyri-suriyalı ünsürlərin dərhal SDQ-dən uzaqlaşdırılmasını istəyir. Onun sözlərinə görə, Türkiyənin maraqları və təhlükəsizliyinə zidd şəkildə yerləşdirilmiş bütün ünsürlər çıxarılmalıdır.
Əldə etdiyimiz məlumata görə, təhlükəsizlik orqanlarının əməkdaşları İmralıda PKK lideri Abdullah Öcalanla da bu mövzunu müzakirə ediblər. Türkiyənin “olmazsa olmaz” kimi gördüyü bu məsələ ilə bağlı Öcalanın SDQ lideri Mazlum Abdiyə məktub göndərdiyi bildirilir. PKK lideri məktubunda SDQ-nin baş terrorçusundan qeyri-suriyalıların təşkilatdan uzaqlaşdırılmasını tələb edib”.
Nəşr əlavə edib ki, SDQ bu ünsürləri ayıracağı təqdirdə, Ankara bunu “Terrorsuz Türkiyə” prosesi istiqamətində atılacaq hüquqi addımlar üçün mühüm mərhələ kimi qəbul edəcək:
“SDQ-dən uzaqlaşdırılacaq Türkiyə kökənli təşkilat üzvlərinin istədikləri halda Türkiyəyə qayıda biləcəyi, hazırlanacaq hüquqi tənzimləmələrdən bu qrupun da yararlana biləcəyi vurğulanır”.
