Rusiyada "Crocus" terrorundan sonra vəziyyət dəyişdi | Vəzifə dəyişiklikləri gözlənilir
“Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın daxili işlər naziri postunu tuta bilər”.
Bu barədə Kremlə yaxınlığı ilə tanınan rusiyalı biznesmen Konstantin Malofeyevə məxsus “Çarqrad” televiziyası məlumat yayıb.
Məlumata görə, “Crocus City Hall”da baş vermiş terror aktı və sonradan miqrantların saxlanılması Rusiya Daxili İşlər Nazirliyinin rəhbəri postunda rotasiyaya səbəb ola bilər:
“Vladimir Kolokoltsevi əvəz etmək üçün bir neçə nəfər mübarizə aparır. Ramzan Kadırovun bu posta mümkün təyinatı qiymətləndirilir. Bir tərəfdən onun sərt rəhbərliyi böhran vəziyyətlərində təsirli ola bilər. Digər tərəfdən isə R.Kadırovun federal struktura rəhbərlik etmək təcrübəsi yoxdur”.
Materialda başqa adlar da qeyd olunub. Xüsusilə də DİN-in rəhbəri postuna mümkün namizədlərdən biri də Federal Penitensiar Xidmətin direktoru Arkadi Qostevdir. O, əvvəllər Daxili İşlər Nazirliyinin strukturlarında işləyib, 2012-2021-ci illərdə daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.
Rusiya Prezidentinin keçmiş köməkçisi və Yaroslavl vilayətinin sabiq qubernatoru Dmitri Mironovun da adı mümkün namizədlər sırasında hallanıb.