Dalaşıb küsürdülər, amma... | Heyvanlara görə qohumlar arasında qan düşdü
Şəmkirin Ağlavaşlı kəndində güllələnmə hadisəsi baş verib.
46 yaşlı kənd sakini Mais Ələkbərovla yeznəsi Naib Həsənov arasındakı mübahisə qızışaraq qanlı insidentə çevrilib.
Məlumata görə, Naib Həsənovun toyuqları yeznəsi Mais Ələkbərovun həyətinə keçib. Bu zaman qohumların arasında mübahisə düşüb. Dava zamanı Mais Ələkbərov Naib Həsənovu döyüb. Bundan əsəbiləşən Naib yeznəsi Mais Ələkbərovu özünəməxsus ov tüfəngindən atəş açaraq yaralayıb.
Yaralı Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib. Müalicəsi davam etdirilir.
Silahlı insidentlə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər.
Araşdırmalar zamanı cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Naib Həsənov müəyyən olunub. O, müvafiq sənədləri olan ov tüfəngi ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.