"Dedik, bəlkə, dükana tərəf gedib…" | Diqqətsizlik dəhşət yaşatdı - Azyaşlı kanalda həyatını itirdi
Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində bədbəxt hadisə baş verib. Yeni yaşayış massivlərindən birində 2 yaşlı Fatimə Cabbarova su kanalına düşərək həyatını itirib.
Hadisə oktyabrın 21-də qeydə alınıb. Ailəsi ilə birgə ərazidəki fərdi yaşayış evlərindən birində kirayədə yaşayan azyaşlı kanalın ətrafında oynayarkən ehtiyatsızlıqdan suya yıxılıb. Əraziyə cəlb olunan müvafiq qurumların əməkdaşları uşağın meyitini kanaldan çıxarıblar.
Məhəllə sakinlərinin sözlərinə görə, bu, ərazidə baş verən ilk belə hadisə deyil. Onlar kanalın ətrafının açıq olmasının böyük təhlükə yaratdığını, uşaqların tez-tez orada oynadığını bildirərək ərazinin təcili çəpərlənməsini tələb edirlər.
Hadisə vaxtı ərazidə olan qonşulardan biri Baku TV-yə açıqlama verib.
“Onlarla eyni həyətdə yaşayırıq. Zəng gəldiyi üçün bir anlıq içəri keçdim, Fatimə də anası ilə birlikdə çölə çıxdı. Bir az keçəndən sonra gördük ki, uşağı axtarırlar. Bir qədər sonra ağ bir maşın yaxınlaşdı. Onlar kanaldan bir uşağın tapıldığını bildirərək anasını hadisə yerinə apardılar. Mən də qucağımdakı körpəni evdə qayınanama təhvil verib tez hadisə yerinə qaçdım. Çatanda artıq uşağın meyitini sudan çıxarmışdılar”, – deyə o bildirib.
