“Qızımı izləyib, blokda vurub, oğlunu da...” | Qandonduran hadisə | “Uşağı 3-4 yerdən...” - Baku TV
Узнавайте о новостях первыми
Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhərin Zərifə Əliyeva küçəsində yerləşən binanın blokunda qeydə alınıb.
34 yaşlı Allahşükür Ağazadənin həyat yoldaşı 29 yaşlı Rəvanə Ağazadəyə çoxsaylı bıçaq zərbələri endirdiyi bildirilir.
Məlumata görə, kişi hadisə zamanı anasının qucağında olan 3 yaşlı oğluna da bıçaq zərbələri endirib.
Rəvanə Ağazadənin atası Baku TV-yə açıqlamasında hadisənin təfərrüatlarını danışıb.
“Rəvanəni bir müddətdir izləyirmiş. Qızım uşağı hər gün səhər bağçaya aparır, axşam işdən çıxanda isə götürürdü. Hadisə də Rəvanə uşağını bağçaya apararkən baş verib. Allahşükür blokda qarşısını kəsərək onları bıçaqlayıb”, – deyə o bildirib.
TƏBİB-dən verilən məlumata görə, oktyabrın 13-də saat 08:10 radələrində iki nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara qarın boşluğunun və döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları, həmçinin hipovolemik şok diaqnozları qoyulub.
Hər iki zərərçəkənə zəruri tibbi yardım göstərilib. 2023-cü il təvəllüdlü azyaşlının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir. 1997-ci il təvəllüdlü qadın isə əməliyyata alınıb, cərrahi müdaxilə davam edir. Məlumata görə, Rəvanə Ağazadə həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib. Allahşükür Ağazadənin etirazından sonra məhkəmə onlara möhlət verib.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Allahşükür Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
