"Qəribə iy gəldi, hay-haray düşdü" | Ata və 13 yaşlı oğlunun dəhşətli sonu - Baku TV
Bakının Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən mənzillərdən birində bədbəxt hadisə baş verib. Mənzilə dəm qazının sızması nəticəsində bir ailənin üç üzvü zəhərlənib.
Hadisə nəticəsində 1974-cü il təvəllüdlü ata və onun 2013-cü il təvəllüdlü oğlu dəm qazından boğularaq həyatını itirib. Ailənin digər üzvü olan 2005-ci il təvəllüdlü oğul isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə barədə danışan qonşulardan biri qəfildən qışqırıq səsləri eşitdiyini və binanın qarşısına toplaşan gənclərdən evə dəm qazı dolduğunu öyrəndiyini bildirib: “Dedilər ki, bir nəfər sağdır, ikisi isə ölüb”.
TƏBİB-dən verilən məlumata görə, 7 iyun 2026-cı il tarixində saat 16:40 radələrində Nəsimi rayonundan dəm qazından zəhərlənmə çağırışı ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub. Hadisə yerindən 2005-ci il təvəllüdlü zərərçəkmiş şəxs Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya edilib. Ona dəm qazının toksiki təsiri diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilən xəstənin vəziyyəti stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, hadisə yerindən iki nəfər kişi cinsli şəxsin həkimə qədər ölüm faktı qeydə alınıb.
