U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV
Узнавайте о новостях первыми
Azərbaycan FIFA tarixində ilk dəfə təşkil olunan U-15 dünya çempionatı və festivalına ev sahibliyi edir.
Oktyabrın 24-də start götürən yarış çərçivəsində təxminən 950 oyunun keçirilməsi nəzərdə tutulur.
Azərbaycan millisi də turnirdə mübarizə aparır. Yığmamız bu gün İsrail üzərində 3:1 hesablı qələbə qazanıb.
“Report” İnformasiya Agentliyinin İdman şöbəsinin rəhbəri Kənan Həsənov Baku TV-yə açıqlamasında bildirib ki, belə mötəbər yarışın ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzuna müsbət təsir göstərir.
“İstənilən nüfuzlu yarışın ölkədə keçirilməsi bütün diqqətlərin Azərbaycana yönəlməsinə yol açır. Bu, ölkəmizin imici, idman nüfuzu baxımından çox dəyərli hadisədir”, – deyə o bildirib.
Kənan Həsənovun sözlərinə görə, turnir Azərbaycan uşaq futbolunun inkişafı üçün də mühüm imkanlar yaradır. O qeyd edib ki, gənc futbolçuların məşqlərlə yanaşı, beynəlxalq yarışlarda oyun təcrübəsi qazanması vacibdir.
“U-15 dünya çempionatı və festivalı çox gözəl fürsətdir. Bu yarış müxtəlif futbol mədəniyyətləri ilə tanış olmaq və beynəlxalq təcrübə qazanmaq imkanı yaradır. Bu təcrübə gənc futbolçuların gələcək inkişafına müsbət təsir göstərəcək”, – deyə mütəxəssis vurğulayıb.
