İlham Əliyev Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı - Baku TV
Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.
Mətndə deyilir: "Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz verib. Milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Prezidentin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Balayev ömrünün 78-ci ilində vəfat edib.
Rasim Balayev 1972-ci ildən etibarən "Azərbaycanfilm" kinostudiyasının aktyoru olub, eyni zamanda 1990-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin birinci katibi vəzifəsini tutub, 2022-ci ildə isə İttifaqın sədri seçilib.
"Azərbaycanfilm" kinostudiyasına gəldiyi ilk vaxtlardan istedadlı aktyor kimi tanınan Rasim Balayev özünəməxsus ifa tərzi və yüksək səhnə mədəniyyəti sayəsində qısa müddət ərzində kino həvəskarlarının qəlbinə yol tapıb. Azərbaycan kino sənətinin parlaq ənənələrindən ustalıqla faydalanan sənətkar olaraq Rasim Balayevin keçdiyi yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində xüsusi bir mərhələ təşkil edir.
Onun baş rollarda çəkildiyi filmlər Azərbaycan kinosunun qızıl fonduna daxildir. Sənətkarın ifasında əfsanəvi Babək və Nəsimi obrazları Azərbaycan kinematoqrafiyasının xüsusilə böyük uğurlarından hesab edilir.
Rasim Balayevin milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri layiqincə qiymətləndirilib. O, müxtəlif illərdə yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatlarından olan "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri ilə təltif edilib.
Görkəmli sənətkar, qayğıkeş və təvazökar insan Rasim Balayevin işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq. Allah rəhmət eləsin!”.
#İlham Əliyev teqi istifadə olunub
- "Bunun müəllifi də sizsiniz" | Prezident ilə xalq rəssamı arasında səmimi söhbət - Baku TV
- Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - Baku TV
- İlham Əliyevin Subrahmanyam Cayşankar ilə görüşündə hansı məsələlər gündəmə gəldi? - Baku TV
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
