İlham Əliyev və ATƏT-in Baş katibi Helqa-Mariya Şmid görüşüblər
Fevralın 18-də Münxendə Prezident İlham Əliyevlə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin görüşü olub.
ATƏT-in Baş katibi prezident seçkilərində qələbəsi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlət başçısına təbriklərini çatdırıb. İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib.
Söhbət zamanı Azərbaycanla ATƏT arasında iqlim dəyişikliyi mövzusunda əməkdaşlıq, bu xüsusda birgə tədbirlərin keçirilməsi məsələlərinə toxunulub. Həmçinin regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
İlham Əliyev Almaniya Kanslerinin təşəbbüsü ilə təşkil olunan görüşün konstruktiv və faydalı mühitdə keçdiyini qeyd edib, artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğunu, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığını diqqətə çatdırıb.
Sülhün əldə edilməsinin və sülh müqaviləsinin imzalanmasının çox real olduğunu vurğulayan dövlət başçısı regionda de-fakto sülhün mövcud olduğunu bildirib. COP29-a sədrliyin Azərbaycana verilməsi prosesinin Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşma və kompromis şəraitində reallaşmasının özünün bütövlükdə müsbət bir addım olduğu, bu dinamikanın davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin – bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini vurğulayıb.
Dövlət başçısı hazırda ATƏT çərçivəsində büdcə problemlərinin olduğunu nəzərə alaraq, mövcud məhdud maliyyə resurslarını daha məqsədyönlü hədəflərə doğru yönəltməyin önəmini diqqətə çatdırıb.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - Baku TV
- Prezidentdən Türk dünyasının dini liderlərinə mühüm mesajlar - Baku TV CANLI
- Türk dünyası və İslam aləmi bir olsa, bizə heç kim toxuna bilməz | İlham Əliyev - Baku TV
- Zelenskinin təyyarəsinə ardıcıl hücumlar edilib? | Avtobusa minənlərin diqqətinə - YENİ BİR SƏHƏR
- "Biz bir il bir aydır sülh şəraitində yaşayırıq" | İlham Əliyev - Baku TV
