Mehmanxana kompleksinin təməlinin qoyulması
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 25-də Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməli qoyulub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Ən müasir səviyyədə inşa olunacaq mehmanxanada rayona səfərə gələnlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Mehmanxana kompleksi 100 otaqlı hotel binasından və 10 kottecdən, eləcə də kafe və restoranlardan, əyləncə və istirahət mərkəzlərindən ibarət olacaq. Hotel binasında 500 yerlik çoxfunksiyalı tədbir və iclas zalları da qonaqların istifadəsinə veriləcək.
Eyni zamanda mehmanxanada açıq və qapalı hovuz, SPA mərkəzi, boulinq və əyləncə, uşaq əyləncə zonası, qapalı idman zalı, yoqa otağı və açıq havada çoxfunksiyalı meydançalar yaradılacaq.
