"Gölkənd orta məktəbi sanki "kiçik akademiya" idi" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
“Gölkənd orta məktəbi sanki “kiçik akademiya idi” adlı veriliş Göyçə mahalının Çəmbərək rayonunun Gölkənd sakini Tanrıverdi Mustafayevin həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq və orta məktəb illərinin maraqlı keçdiyini, Novruz bayramının təzə il kimi qeyd olunduğunu bildirib:
“Valideynlərimizin hamısı zəhmətlə məşğul idi. Özümüz də uşaqlıqdan zəhmətə öyrəşirdik. Biz bütün dərslərə mükəmməl hazırlaşırdıq, hamıda həvəs var idi. Yay vaxtı yaylaqlara köçərdik, üç ay biz yaylaqlarda olardıq. Bunların heç biri unudulmur. Uşaqlıq xatirələrimiz həmişə bizi ora çəkir”.
Onun sözlərinə görə, yaşadıqları kənd göllərin əhatəsində yerləşdiyinə görə adı Gölkənd olub:
“1987-ci ildə aspiranturaya qəbul oldum və 1988-ci ildə deportasiya başladı. Bilirsiniz, biz uşaq olanda erməni məkrliyini çox hiss etmirdik. Çünki bizim kəndlərin heç birində erməni yaşamırdı. Biz rayona fənn olimpiadalarına gedirdik.
Hələ 1977, 1978 və 1979-cu illərdə ermənilərin bizə qarşı aqressiyaları var idi. Bizə erməni uşaqlar pis baxır, öz dillərində söyürdülər. Hətta bir dəfə bu səbəbdən dava da düşüb, onları döymüşük”.
O, Vətən həsrətinin çox ağır olduğunu vurğulayıb: “Harada yaşamağımızdan asılı olmayaraq uşaqlıq illərində keçirdiyimiz günlərin həsrətindəyik. İnanıram ki, biz doğma yurdumuza yenə qayıdacağıq. 40 ilə yaxındır yurdumuzdan uzaq düşmüşük, gəzdiyimiz o cığırları ot basıb. Səbirsizliklə qayıdış gününü gözləyirəm”.
