"Sarıyaqub Qərbi Azərbaycanın ən qədim və tarixi yaşayış məntəqələrindən biridir"
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Verilişin budəfəki müsahibi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Qarabağ qazisi Bəxtiyar Əhmədov olub.
O, doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Basarkeçər rayonunun Sarıyaqub kəndindən danışıb. Bildirib ki, bu kənd ən qədim və tarixi yaşayış məntəqələrindən biridir.
Kənd Şah İsmayıl Xətainin 1515-ci il tarixli fərmanı ilə Səfəvilərin böyük övliyası, sufi şeyxi Seyid Hüseyn Məhəmməd oğluna – Miskin Abdala nəsilbənəsil pay kimi verilib. Həmin fərmanın əsli hazırda Goranboy rayonunun Qaradağlı kəndində "Miskin Abdal ocağı"nda saxlanılır.
B.Əhmədov deyib ki, İrəvan xanlığının Çar Rusiyası tərəfindən işğalından bir müddət sonra yerli qayda-qanunlara köklü dəyişikliyin edilməsi insanlar arasında böyük narazılıq doğurub. 1837-ci ildə Göyçə mahalının 30-dan çox kəndinin sakini üsyana qalxıb, çar məmurlarının tətbiq etdiyi qaydalara qarşı çıxıblar.
Zaman-zaman xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalardan danışan tarixçi-alim söyləyib ki, son 200 il ərzində azərbaycanlılar ermənilərin çoxsaylı zülmünə məruz qalıblar. O, 1905, 1918-1920, 1948-1953-cü illərin deportasiya və soyqırımılarında azərbaycanlıların öz dədə-baba yurdlarından didərgin salındığını, qırğınlara məruz qaldığını vurğulayıb.
