AMEA-da aləm bir-birinə dəydi
Coğrafiya İnstitutunun keçirdiyi elmi-praktiki konfransa təqdim olunan bir sıra məqalələrin plagiat olduğu aşkarlanıb.
İnstitutun icraçı direktoru Zaur İmrani bəzi məqalələrin 70, 80, hətta 97 faiz plagiat olduğunu bildirib:
“Onların hamısını biz qaytardıq. Dedik ki, çap edə bilmərik”.
Bəs məqalələrin plagiat olduğu necə müəyyən edilir?
“Xüsusi proqramlar var. Onlar vasitəsilə məqalələri yoxlayırıq və plagiatı müəyyən edirik. Magistrlara 30 faizə qədər, doktorant və dissertantlara 20 faiz, fəlsəfə və elmlər doktoruna isə 5 faizə qədər plagiata icazə verilir”, – Z.İmrani qeyd edib.
Bəs bu, qanunla necə tənzimlənir? Plagiata görə cəza nəzərdə tutulurmu?
Vəkil Hikmət Əliyev bildirib ki, Cinayət Məcəlləsinin 165-ci maddəsinə əsasən, müəlliflik hüququ və əlaqəli hüquqların pozulması xeyli miqdarda ziyan vurubsa, bu, cinayət məsuliyyəti yaradır. Az miqdarda ziyan vurulduğu təqdirdə isə İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsinə əsasən, inzibati məsuliyyət yaradır.