Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV
Rəsmi statistikaya görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 % artaraq 1173 manata çatıb.
Neft-qaz sektorunda ortaaylıq əməkhaqqı 4396 manat, qeyri-neft-qaz sektorunda isə 1115 manat təşkil edib. Dövlət müəssisələrində çalışanların ortaaylıq əməkhaqqı 1168 manat, özəl müəssisələrdə çalışanların əməkhaqqı isə 1178 manat olub. Bu dövrdə ortaillik inflyasiya 5,7 % təşkil edib.
Maraqlıdır, ortaaylıq nominal əməkhaqqının artımı inflyasiya ilə müqayisədə qənaətbəxş hesab oluna bilərmi?
İqtisadçı Xalid Kərimli hesab edir ki, əməkhaqqının artması müsbət haldır:
“Lakin inflyasiyanın nisbətən yüksək olduğunu nəzərə alsaq, maaş artımının əhəmiyyətli hissəsinin inflyasiyanın təsiri ilə dəyərini itirdiyini söyləmək olar”.
Onun sözlərinə görə, əməkhaqqı artımının özü müsbət olsa da, artımın həcmi məhduddur. Bu, əmək bazarında baş verən proseslər və iqtisadi artımın səviyyəsi ilə əlaqədardır. Əməkhaqqının artması isə əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, ailələrin alıcılıq qabiliyyətinin qorunmasına və inflyasiyanın mənfi təsirlərinin azaldılmasına imkan verir.
Digər tərəfdən əhalinin nominal gəlirləri əməkhaqqı artımını üstələyib. Rəsmi statistikaya görə, 2026-cı ilin yanvar-avqust aylarında əhalinin nominal gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 % artıb. Bu göstərici inflyasiya səviyyəsindən 3,7 faiz bəndi yüksəkdir. Həmçinin adambaşına düşən aylıq gəlir 9 % artıb.
Ümumilikdə qeyd olunan dövrdə əhalinin nominal gəlirləri 63 milyard 511,3 milyon manat təşkil edib. Adambaşına düşən ortaaylıq gəlir isə 773 manat olub.
#Ortaaylıq əməkhaqqı teqi istifadə olunub
- Rəqəmlər yüksəliş göstərir | Ekspertlər niyə ehtiyatlı danışırlar? - Baku TV CANLI
- Ortaaylıq əməkhaqqı yüksəldi | Artım qənaətbəxşdir? - Baku TV
- Pensiya və ortaaylıq əməkhaqqı artacaq? - Əhalinin nəzərinə! - Baku TV
- 2026-cı ildən pensiyalar nə qədər olacaq?
- Maaşlardakı artımla bağlı açıqlama | Ölkədə işləyənlərin sayı...
