Başıma elə müsibət gətirdilər ki... | Yazıçı Vaqif Əziz niyə didərgin düşdü? - O VAXTLAR
“O vaxtlar” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında şair, yazıçı Vaqif Əziz öz həyatından danışıb.
Başına çox müsibətlərin gəldiyini deyən şair bu çətinliklərin həyatını dəyişdiyini söyləyib: “Çətinlik insana yaşadığı həyat tərzini öyrədir. Əgər mən rahat bir həyat tərzi keçirmiş olsaydım, bu Vaqif Əziz olmazdım, başqa biri olardım. Zəif, dözümsüz olardım. Bəlkə də, həyatda heç nəyə nail ola bilməzdim. Cəfər Cabbarlının “Sevil” əsərindəki Balaş obrazını bir anlıq gözünüzün qarşısında canlandırın. Mənim başıma elə bir müsibətləri gətirdilər. Bütün qurduqlarımı, yaratdıqlarımı atıb, Vətənimdən başımı götürüb Ukraynaya getdim. Mən onda adi bir kənd müəllimi idi. Onlar mənə pislik etmək istədilər, amma əksinə, məni 18 kitab müəllifi olan Vaqif Əziz etdilər”.
Xanımları zəif və zərif məxluq adlandıran şair bəzi qadınlardan gileylənib: “Qadınlar bizim başımızın tacıdır. Amma mən bir gileyimi deyəcəyəm. Elə qadınlarımız var ki, onlar kişiləri məhv ediblər, bədbəxt, rəzil ediblər. Son vaxtlar mən fikir verirəm, atalar övladlarını analardan çox istəyirlər. Belə səmimi, şirin atalardan bəzi qadınlar alət kimi istifadə edirlər. Kişi ərdir, qardaşdır, torpaqları müdafiə edəndir. Belə olmaz”.