Dəm qazından boğulma niyə baş verir?
Dəm qazı ilə bağlı xoşagəlməz halların əksəriyyəti hamam otaqlarında baş verir.
Səbəb isə sakinlər tərəfindən təklükəsizlik tədbirlərinin görülməməsi, qaz cihazlarının düzgün quraşdırılmamasıdır. Əksər sakinlər düşünürlər ki, tüstü bacasını qaz cihazına quraşdırmaqla məsələni həll etmiş olurlar. Lakin bu belə deyil.
Rahatlıq xatirinə təhlükəsizlik qaydalarını göz ardına vuranlar üçün çıxış yolu da təklif edilir.
“Azəriqaz”ın şöbə rəisi İlkin Behbudov bildirib ki, bir çox hamam otaqlarındakı cihazlara quraşdırılmış tüstü bacaları, əslində, havanı sora bilmir:
“Ümumiyyətlə, 1 kub metanın yanması üçün 10 kuba qədər hava lazımdır, həmçinin yanmış məhsul tüstü bacasından xaric olunmalıdır. Bu iki nüans pozulan zaman dəm qazının əmələ gəlməsi qaçılmazdır. Bina evlərində tüstü bacalarındakı borular ildə 1 dəfə təmizlənməlidir. Fərdi evlərda isə tikilinin xaricində iri diametrli və divarı qalın olan borular yerə basdırıla bilər”.
“Azəriqaz”dan o da bildirilib ki, ildə bir dəfə olmaqla hər il noyabr ayının 1-dək qurumun əməkdaşları tərəfindən sakinlərin mənzillərində yoxlanışlar aparılır. Layihə-smeta sənədlərinə əsasən, qaz qurğularının yeri, bu qurğuların quraşdırıldığı otaqlar və qaz xətlərinin çəkilişi texniki normativ tələblərə uyğun gəlməzsə, bu zaman həmin otaqlara mavi yanacağın verilişi dayandırılacaq.