"Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."
Baku TV-nin qaynar xəttinə müraciət edən Dilarə Səmədova övladının müalicəsi ilə bağlı çətinlik yaşadığını bildirir.
Onun sözlərinə görə, ruhi-əsəb xəstəliyindən əziyyət çəkən və ikinci qrup əlilliyi olan oğlu yaxınlıqdakı xəstəxanada müalicəyə qəbul edilməyib.
Ana övladının uzaq məsafədə yerləşən Sabunçu rayonundakı 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına göndərildiyini deyir. O isə əvvəllər olduğu kimi oğlunun 2 saylı Kliniki Psixiatriya Xəstəxanasında müalicəsinin davam etdirilməsini istəyir.
“Oğlum anadangəlmə deyil, sonradan keçirdiyi qorxu nəticəsində bu xəstəliyə tutulub. Hər dəfə müraciət edəndə 2 saylı Kliniki Psixiatriya Xəstəxanasından yer olmadığını bildirərək bizi geri qaytarırlar. İşlədiyimi, Maştağaya getməyin çox uzaq və əziyyətli olduğunu bildirsəm də, müraciətim nəzərə alınmır. Yaşlı qadınam, ailəmin yükü tək mənim üzərimdədir. Maştağaya gedib-gəlmək saatlarla vaxt aparır və böyük çətinlik yaradır”, – deyə D.Səmədova bildirib.
#Ruhi əsəb xəstəlikləri teqi istifadə olunub
