Həyat yoldaşını qətlə yetirmək istəyən Elməddinə hökm oxundu | Qərarın detalları
Bakıda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Elməddin İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən son prosesdə prokuror Orxan Kəngərli ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən Elməddin İsmayılov son söz deyib.
Məhkəmə müşavirədən sonra təqsirləndirilənin 14 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökmü elan edib.
Xatırladaq ki, hadisə 2024 cü il iyunun 9-da paytaxtın Səbail rayonu, 20-ci sahə ərazisində qeydə alınıb. 23 yaşlı Xatın İsmayılova həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan istintaqa daxil olan sənədlərdən bəlli olub ki, qadının bədəninin müxtəlif nahiyələrində 9 bıçaq zərbəsi müəyyənləşib.
Şahidlərin məhkəmədə verdiyi ifadələrdən müəyyən olunub ki, hadisə qısqanclıq zəminində baş verib. Həyat yoldaşı Elməddin İsmayılovun telefonunda tanımadığı qadınların mesajlarını görüb və buna görə də mübahisə yaranıb. Xatın İsmayılovanı döyməklə sakitləşməyən Elməddin ona çoxsaylı bıçaq zərbələri endirib. Ağır xəsarətlar almasına baxmayaraq, həkimlərin səyi nəticəsində Xatın İsmayılovanın həyatını xilas etmək mümkün olub.
Onu da qeyd edək ki, Xatın İsmayılova ağır xəsarət aldığına baxmayaraq, məhkəmədə həyat yoldaşını bağışladığını bildirib. Elməddin İsmayılova qarşı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülərək barəsində həbs qətimkan tədbiri seçilib.