Qazinin "TikTok"da birlikdə video paylaşdığı nənəni kim atıb? | ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayının qonağı tiktoker, Vətən müharibəsi qazisi Musa Cavadlı və onun ailəsi olub.
O, 44 günlük Vətən müharibəsində Tərtər-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib və oktyabr ayında qarnından aldığı güllədən yaralanıb.
Musa Cavadlı verilişdə 94 yaşlı nənəsindən, həmçinin onunla açdığı canlı yayımlardan bəhs edib.
Gənc tiktoker 94 yaşlı nənənin nəticəsidir və hər gün onun qayğısına qalır, eyni zamanda nənəsi ilə videolar çəkərək sosial şəbəkələrdə paylaşır.
M.Cavadlının anasının sözlərinə görə, atası nənəsinin tək oğludur. O, həyat yoldaşı istəmədiyi üçün anasına baxmayıb:
“Əvvəllər nənəm yayda həmişə Xızıda, atamın yanında qalırdı. Nənəm yaddaşını itirəndən sonra orada qala bilmədi, ona baxmadılar. Atamın həyat yoldaşı “Apar nə istəyirsən et. İstəyirsən qocalar evinə qoy, istəyirsən özün bax. Mən ona baxan deyiləm” dedi. Mən burada kirayədə qalıram, nənəmə də baxıram. Atamgil bir dəfə də olsun, nənəmin vəziyyəti ilə maraqlanmayıb”.
Musa Cavadlının anası bildirib ki, oğlunun açdığı canlı yayımlarda izləyicilərin yazdığı bəzi şərhlər onu əsəbiləşdirir:
“Deyirlər ki, pula görə nənəmi canlıda göstəririk, pul yığırıq. Əsəb keçirirəm. Oğluma deyirəm ki, daha canlı yayım açmasın”.