"Qısaqapanmalar buna görə olur" | Pula qənaət üçün faciə riski yaradanlar - Baku TV
Bu gün paytaxtda demək olar ki, addımbaşı çoxmərtəbəli yaşayış binalarına rast gəlmək mümkündür. Bu binalarda yaşayan vətəndaşların əksəriyyəti ya “plug-in” hibrid, ya da elektromobil avtomobillərdən istifadə edirlər.
Lakin həmin binaların həyətlərində enerji doldurma məntəqələrinin olmaması səbəbindən sürücülər ya ictimai şarj məntəqələrindən istifadə edir, ya da xərclərə qənaət etmək məqsədilə yaşadıqları mənzildən aşağı kabel sallayaraq avtomobillərini enerji ilə yüklənməyə qoyurlar. Bu cür hallar isə bədbəxt hadisələrin başvermə riskini artırır.
Mütəxəssislər bildirirlər ki, avtomobili yaşadığınız binada təhlükəsiz şəkildə enerji ilə doldurmaq üçün mütləq əlavə və standartlara uyğun elektrik xətti çəkilməlidir.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı qeyd edib ki, bu sahədə Dövlət Proqramına uyğun sistemli addımlar atılmalıdır:
“Dövlət Proqramında nəzərdə tutulan şəbəkə bütün ərazilərdə mütləq qurulmalıdır. Əks halda, bu binalarda mövcud vəziyyət davam edəcək. Təəssüf ki, bəzi insanlar baş verən yanğın hadisələrindən nəticə çıxarmır və növbəti gün yenə də eyni qaydada avtomobillərini şarj edirlər. Bu isə məsuliyyətsizlikdir. Problemin həlli üçün ya daha sərt qanunvericilik tədbirləri tətbiq olunmalı, ya da vətəndaşlar üçün təhlükəsiz və əlçatan şərait yaradılaraq onlar düzgün istiqamətə yönləndirilməlidir”.
#Plug In Hybrid avtomobili teqi istifadə olunub
