Sinə nahiyəsindəki ağrılar ürəklə bağlıdır? | Həkimlərdən xəbərdarlıq
Sinə nahiyəsində ağrı hiss edildikdə, həkimlər ilk növbədə bunun ürəyin işemik xəstəliyi və onun əsas təzahürlərindən biri olan stenokardiya ilə bağlı olub-olmadığını müəyyən etməyə çalışırlar. Lakin bu simptom həmişə ürək xəstəliklərinin göstəricisi deyil.
Osteoxondroz, qabırğaarası nevralgiya, qida borusu və ya ağciyərlərdəki iltihab prosesləri də oxşar ağrılara səbəb ola bilər. Hətta ağrılar ciddi narahatlıq yaratmasa belə, həkimə müraciət etmək vacibdir. Bu, həyat üçün təhlükəli vəziyyətlərin vaxtında aşkarlanmasına və onların qarşısını almaq üçün tədbirlərin görülməsinə imkan verir.
Həkimlərin sözlərinə görə, diaqnostika prosesi ətraflı sorğu ilə başlayır. Ağrının intensivliyi, xarakteri, lokalizasiyası, yayılması, davamlılığı, yaranma şəraiti, görülən tədbirlər və onların effekti barədə məlumat toplamaq önəmlidir. Sinə nahiyəsində ağrılar yaşandıqda, onların mənbəyini və səbəbini dəqiq müəyyən etmək üçün mütəxəssisə müraciət etmək zəruridir.