Süni intellektlə hazırlanan ilk tarixi sənədli film - “Sultan Həsən Bahadur”un təqdimatı - Baku TV
Nizami Kino Mərkəzində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin istehsalı olan və süni intellekt vasitəsilə hazırlanan ilk tarixi sənədli film – “Sultan Həsən Bahadur”un təqdimatı keçirilib.
Film Ağqoyunlu dövlətinin görkəmli hökmdarı, tarixə Uzun Həsən kimi düşən qüdrətli sərkərdənin həyat yolunu, hakimiyyət dövrünü və hərbi uğurlarını əhatə edir.
Layihənin rəhbəri Sərvər Bayramov bildirib ki, “Sultan Həsən Bahadur” “Tariximizlə qürur duyuruq” adlı ümumi layihə çərçivəsində hazırlanan ilk filmdir:
“Biz çalışdıq ki, süni intellektin müasir çağırışlarına uyğun olaraq texnologiyanın yaratdığı imkanlardan istifadə edək və onları audiovizual sahədə tətbiq edək. Burada ilk növbədə tarixi filmlər əsas götürülür. Çünki tariximizi, milli dəyərlərimizi və mədəniyyətimizi təbliğ etmək üçün belə layihələrə böyük ehtiyac var. Filmdəki təsvirlər 100 faiz süni intellekt vasitəsilə hazırlanıb”.
Ssenari müəlliflərindən biri Sevda Hüseyn isə qeyd edib ki, süni intellektlə işləmək xüsusi bilik və təcrübə tələb edir:
“Süni zəkanın təqdim etdiyi imkanlarla yanaşı, müəyyən tələbləri də var. Bu texnologiyaya yiyələnməli və onun iş prinsipini bilməlisən ki, rejissorla birgə işləmək daha asan olsun. İlklər həmişə çətin və məsuliyyətli olur. Bu, Azərbaycan televiziya məkanında süni zəka ilə hazırlanan ilk belə film idi. Düşünürəm ki, bu məsuliyyətli iş davam etdiriləcək”.
Ekran əsərində Uzun Həsənin anası Sara Xatunun dövrünün nüfuzlu dövlət xadimi kimi fəaliyyəti və siyasi müdrikliyi də xüsusi diqqət mərkəzində təqdim edilib.
Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan tarixinin mühüm şəxsiyyətlərini və şanlı keçmişini müasir təqdimat üslubunda geniş auditoriyaya çatdırmaqdır.
