ABŞ-dən Ermənistanla bağlı sensasiyalı hesabat | Elə şeylər üzə çıxdı ki...
“Ermənistanda investisiya mühiti ilə bağlı problemlər arasında qanunun aliliyinin və məhkəmə sisteminin zəifliyi, eləcə də korrupsiya var”.
Bu barədə ABŞ Dövlət Departamentinin 2024-cü il üçün hesabatında bildirilib.
Sənəddə vurğulanıb ki, qanunlar xüsusilə institutlarda, o cümlədən də məhkəmə sistemində müstəqillik, bacarıq və ya peşəkarlığın olmaması nəticəsində pozulur.
Müəssisə rəhbərləri hesab edirlər ki, bir çox Ermənistan məhkəmələri səmərəlilik, müstəqillik və peşəkarlıq səviyyəsinin aşağı olmasından əziyyət çəkir.
İnvestorların sözlərinə görə, şəffaf, ədalətli və proqnozlaşdırıla bilən biznes mühitinin təmin edilməsi üçün həll edilməli olan bir çox problem hələ də olduğu kimi qalır.
“Özəl sektor nümayəndələri hökumətlə dialoqun keyfiyyətindən də narahatdırlar”, – deyə məlumatda qeyd olunub.
Xarici siyasət idarəsinin yaydığı informasiyaya görə, ölkədə vergi, gömrük, tibb, təhsil və hüquq-mühafizə orqanlarında geniş islahatlara ehtiyac var.
Bundan əlavə, hesabatda dövlət məmurlarının investorların üzləşdiyi problemləri sürətli şəkildə həll edə bilmək imkanları ilə bağlı problemlərin olduğu da müəyyən edilib.
Sənəddə qeyd olunub ki, sözügedən ölkədə qanunun aliliyi qorunmur, dövlət məmurları hamı ilə eyni cür rəftar etmir və dialoqlar zamanı etik davranışlarında səhvlərə yol verir. ABŞ şirkətləri investisiya mühitinin əqli mülkiyyət hüquqlarının təmin edilməməsi səbəbindən pozulduğunu da açıqlayıb. Baxmayaraq ki, Ermənistan hökuməti sözügedən hüquqların təmin edilməsi prosesini gücləndirməyi öz öhdəsinə götürüb.