Ağ Evin Haniyə ilə bağlı yalanı belə ifşalandı | ABŞ mediasından sensasiya
İsrail HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən dərhal sonra ABŞ-yə məlumat verib ki, bu qətlin arxasında məhz rəsmi Təl-Əviv dayanır.
Bu barədə məlumatı “Washington Post” nəşri yayıb. Xəbərdə bildirilir ki, Bayden administrasiyasının rəsmiləri Haniyənin öldürülməsi xəbərinə acıqlanaraq İsrail tərəfinə etiraz edib.
Hətta “bunu nahaq etdiniz” deyə cavab verib.
Əlavə olunub ki, Haniyənin oyundan çıxarılması Qəzzada atəşkəsə dair aylarla davam edən ehtiyatlı danışıqlar prosesini xeyli gecikdirəcək.
Mənbənin məlumatına görə, ABŞ rəsmiləri İsraili qınayaraq bildirib ki, “Hizbullah” və ya İran komandirlərini öldürmək üçün hər hansısa hərbi əməliyyatları icra etməzdən öncə Ağ Evə xəbər vermək lazim idi.
“Washington Post”un iddialarına görə, ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu arasında baş tutan telefon danışığı da xeyli gərgin və ittiham dolu keçib.
Qeyd etmək lazımdır ki, belə bir məqalənin dərc edilməsi Ağ Evin məlum hadisədən xəbərsiz olduğu barədə səsləndirdiyi iddiaları alt-üst etdi. Çünki İsmail Haniyənin öldürülməsindən sonra ABŞ-nin dövlət katibi Entoni Blinken öncə hadisədən xəbərsiz olduqlarını, sonra isə bu barədə məlumat alsalar da, hansı qüvvələr tərəfindən həyata keçirildiyini bilmədiklərini açıqlamışdı.
“Washington Post” isə əksini iddia edərək “onlar hər şeyi bilirdi” deyə xəbər yaydı.