Bosniya təpələrində Van Qoqun rəsmi əsasında park salınıb
Bosniyalı sahibkar Mərkəzi Bosniyanın yaşıl təpələri və çəmənliyində çoxdankı arzusunu həyata keçirib və Vinsent Van Qoqun ən məşhur rəsmlərindən biri olan “Ulduzlu gecə”ni təbii park halında yenidən canlandırıb.
Visoko şəhərindən olan Halim Zukiç 20 il əvvəl qonşu kənddə torpaq və kottec aldıqdan sonra park yaratmaq qərarına gəlib. Ancaq yeni torpaq sahibinin onun dizaynı barədə dəqiq bir fikri yox idi. Altı il sonra Halim Zukiç təpədə dayanıb çəmənlikdə traktorları seyr edərkən torpağın üzərində Van Qoqun 1889-cu ildə çəkdiyi spiralvari motivləri xatırladan təkər izlərini görüb.
H.Zukiçin sözlərinə görə, həmin anda parkın dizaynı ilə bağlı ideya yarandı: “Amma onu həyata keçirmək üçün vaxt, pul və zəhmət lazım idi”.
Bosniyalı sahibkar 10 hektarlıq “Ulduzlu gecə” parkının ziyarətçilərə istirahət təklif edən daha böyük kompleksin bir hissəsi olmasını istəyirdi. Buna görə də ərazidə daha çox ağac əkib və mövcud təbii arxlardan istifadə edərək 13 süni göl yaradıb.
Ərazidə rəngarəng dairələr, spirallar və təbii amfiteatrlar əmələ gətirən adaçayı, ekinezya, yovşan və çobanyastığı kimi dərman və ətirli otlarla birlikdə, həmçinin 6 müxtəlif çalarda 130 min ədəd lavanda kolu əkilib.
Bütün landşaft dizaynının həyata keçirilməsini öz üzərinə götürən H.Zukiç etiraf edir ki, Van Qoqun rəsminin yenidən canlandırılması ona rəssamları və onların qarşılaşdığı yaradıcılıq problemlərini daha dərindən anlamağa kömək edib.
O əlavə edib: “Bu, “Ulduzlu gecə”nin indiyədək yaradılan ən böyük versiyasıdır və 20 illik xəyalların, arzuların həyata keçirilməsinin nəticəsidir”.
Halim Zukiçin sözlərinə görə, “Ulduzlu gecə” parkının fəaliyyəti bədii proqramlara və Mərkəzi Bosniyanın mədəni irsinin təbliğinə yönələcək.