Bu, ən sonuncu addım idi | Serbiya Prezidentindən təsirli sözlər
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası Serbiyanın etirazlarına baxmayaraq, Srebrenitsa soyqırımı ilə bağlı qətnamə qəbul edib.
Ekranda layihənin lehinə səs verən ölkələrin adları göründükcə ölkə Prezidenti əlindəki Serbiya bayrağını qucaqlayaraq göz yaşı töküb:
“Bu gecə mən karyeramı burada başa vurdum. Xalqım məni bir çox şeylərə görə bağışlamayacaq və bu hadisə də ən sonuncu addım idi. Serbiya üçün döyüşən bu insanlarla birlikdə mən əlimdən gələni etdim. Lakin qətnamənin təşəbbüskarları bizi alçaltmaq üçün bacardıqları hər yola əl atdılar. Əsl nəticənin nə olduğu hamıya məlumdur.
Biz xalqımızı yüksəklərə qaldırdıq. Bunun isə qiyməti yoxdur. Siz əllərində Serbiya bayrağını qürurla qaldıran ailələri gördünüz. Təhlükəsizlik qüvvələri bayraqların onlara təhvil verilməsini tələb ediblər. Lakin insanlar bundan imtina ediblər. Hətta bu barədə mənə də xəbərdarlıq edildi. Mən isə dedim, “yaxşı, qoyun mən baxım, görək bu bayrağı mənim əlimdən ala biləcək qəhrəmanlar kimlərdir”.
Layihə qəbul olunmazdan əvvəl keçirilən sessiya zamanı Prezident Aleksandar Vuçiç bu qanunun regiona töhfə verməyəcəyini, ölkədə parçalanmaların artmasına şərait yaradacağını bildirib.
Qeyd edək ki, qanun layihəsinin lehinə 84, əleyhinə 19 ölkə səs verib. Təşkilatın üzvü olan 68 dövlət isə bitərəf qalıb. Xatırladaq ki, keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusu 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində soyqırımı törədib. Qətliam zamanı ən azı 8300 bosniyalı müsəlman öldürülüb və bu hadisə tarixə Srebrenitsa soyqırımı kimi düşüb.