COVID-19 virusunun yeni variantı sürətlə yayılır | ÜST-dən açıqlama
ABŞ-də COVID-19 virusunun yeni “JN1” ştamı sürətlə yayılmaqdadır.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat verib. Bildirilib ki, ölkədə səhiyyə ocaqlarına müraciət edən xəstələrin 44 faizindən çoxu koronavirus xəstələridir.
Ohayo ştatının Vexner Tibb Mərkəzinin yoluxucu xəstəliklər üzrə kafedra müdiri Karlos Malvestutto isə qeyd edib ki, amerikalıların peyvəndlənməyə və maskalanmaya marağı kəskin şəkildə azalıb. Bu da virusa tutulma hallarının çoxalmasını qaçılmaz edir.
Onun sözlərinə görə, son bir neçə ayda ölkədə COVID-ə yoluxma ilə bağlı xəstəxanaya müraciət edənlərin heç biri yeni virusa qarşı vaksinasiya edilməyib. Amerikalı mütəxəssis qış aylarında “JN1” ştamına yoluxanların sayında artım olacağını da istisna etməyib.
O bildirib ki, vəziyyətlə bağlı önləyici profilaktik tədbirlərin həyata keçirilməsi zəruridir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virusunun sürətlə yayılma xüsusiyyətinə malik yeni “JN1” ştamını qlobal sağlamlıq üçün təhlükəli hesab etmir.