Dövlət rəsmilərinin olduğu yerə raket atdılar | Böyük Britaniya
Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin yenilənmiş “HMS Vanguard” nüvə sualtı qayığından buraxdığı “Trident II D5” ballistik raketinin sınaq uçuşu uğursuzluqla nəticələnib.
Bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, raket buraxıldıqdan sonra dərhal kursundan çıxıb və göyərtəsində ölkənin müdafiə naziri Qrant Şepps və admiral Ben Kinin olduğu sualtı qayığın yaxınlığına düşüb. Krallığın Müdafiə Nazirliyi də faktı təsdiq edib.
Yerli KİV-in yaydığı məlumata görə, insident ABŞ-nin Florida ştatının sahillərində Atlantik okeanında təlim missiyası zamanı baş verib.
Sözügedən raketin Braziliya və Qərbi Afrika arasında, Atlantik okeanının mərkəzində yerləşən hədəf nöqtəsini vurmaq üçün təxminən 6 min km uçacağı güman edilirdi. Artıq uğursuz sınağın başvermə şəraiti ilə bağlı araşdırmalara başlanılıb, raketin hissələrinin sudan çıxarılması üçün axtarış əməliyyatına start verilib.
Məlumat üçün bildirək ki, hadisədən əvvəl sözügedən qayığın ekipajı sualtı qayığın uzunmüddətli təmir işlərindən sonra sınaq üçün tam hazır olduğunu qeyd edib.