Ərdoğan ABŞ Prezidentindən danışdı | Müharibə ilə bağlı cəhdlərə məhəl qoymamışıq!
“Donald Tramp seçki kampaniyasını çox güclü şəkildə, yorulmadan, usanmadan davam etdirdi. Bu, hər siyasətçinin asanlıqla başa çatdıra biləcəyi bir iş deyil. O bunu bacardı”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan və Macarıstan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
“Cənab D.Tramp seçki prosesində sui-qəsd cəhdi daxil olmaqla bir çox çətinliklərə qarşı, həqiqətən, böyük bir mübarizə nümunəsi göstərdi. Məlum olduğu kimi, onu vurmağa cəhd etdilər, güllə yarası aldı. Əlləri qandallı halda polis məntəqələrinə apardılar. D.Tramp isə qələbə qazanacağına inanırdı”, – deyən R.T.Ərdoğan qeyd edib ki, ABŞ-nin yeni seçilən Prezidenti müvafiq iradəsini və niyyətini nümayiş etdirsə, Rusiya-Ukrayna müharibəsi tezliklə bitəcək.
“Biz hər zaman sülhün tərəfini seçmişik, bizi müharibədə tərəflərdən birini tutmağa istiqamətləndirmək cəhdlərinə məhəl qoymamışıq və hər iki tərəflə əlaqə saxlamışıq. Həmçinin gördük ki, Qərb bu problemin diplomatiya yolu ilə həll olunacağına dair əminliyimizi kifayət qədər bölüşmür”, – deyə R.T.Ərdoğan əlavə edib.